DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

 DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

II ixtisas qrupu üzrə keçid ballarında bu il ciddi dəyişiklik qeydə alınıb. Dövlət universitetlərinin bir sıra ixtisaslarında keçid balları ötən illə müqayisədə 40-50 baladək yüksəlib. Halbuki Dövlət İmtahan Mərkəzi əvvəlcədən II qrup üzrə ballarda cüzi azalma ola biləcəyini, artım gözlənilmədiyini açıqlamışdı. Bəs keçid ballarının gözləniləndən fərqli olaraq kəskin yüksəlməsinə hansı amillər təsir edib?

Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Asayis.az-a açıqlamasında təsdiqləyib ki, Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçid ballarının enəcəyinə dair makro proqnozlarına rəğmən, Sumqayıt Dövlət Universiteti kimi regional bir təhsil müəssisəsində balların 40-50 bal diapazonunda kəskin yüksəlməsi baş verib:

“Bu, əslində, makrostatistika ilə mikrososioloji reallıqlar arasındakı sistem uyğunsuzluğundan qaynaqlanır. Məsələyə elmi-analitik nəzərdən yanaşdıqda, bu, ilk növbədə, respublika üzrə bal trendinin bütün seqmentlərə bərabər paylanmaması, xüsusilə 200-400 bal arasında müşahidə olunan subnominal abituriyent sıxlığı ilə izah edilə bilər. Yəni 500-dən yuxarı bal toplayan abituriyentlərin sayının azalması ümumi statistik ortalamanı aşağı salsa da, orta bal toplayan abituriyentlərin çoxluğu lokal rəqabəti kəskinləşdirib”.

Təhsil eksperti Qoşqar Bəylərov isə saytımıza açıqlamasında qeyd edib ki, qəbul nəticələrinə baxdıqda II qrup üzrə keçid ballarının kifayət qədər aşağı düşdüyünü görürük:

“Hətta 150 balla qəbul halları da var. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, çünki abituriyentlərin hansı istiqamətdə və hansı universiteti seçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur. Ümumi plan yerlərinə uyğun qəbullardan danışılırdı və nəticə də belə olub. Sumqayıt Dövlət Universitetində müəyyən ixtisaslar üzrə keçid ballarının 40-50 bal artması isə həmin ərazinin abituriyentlər üçün daha əlverişli olması ilə bağlıdır. Orada yaşamaq və təhsil almaq bir çoxları üçün daha münasib olduğundan, abituriyentlər özəl universitetlərə üz tutmaqdansa, həmin ərazidə yerləşən universitetlərə daha çox üstünlük veriblər.

Burada illik təhsil haqqının da ciddi təsiri var. Özəl universitetlərdə illik ödənişlər 2500-3000 manatdan başlayır və daha yüksək məbləğlər də mövcuddur. Sumqayıt Dövlət Universitetində isə bu məbləğ nisbətən aşağıdır və 1900 manat təşkil edir. Buna görə də abituriyentlər ödənişli ixtisas seçimində yüksək balla həmin yerləri seçim siyahısında daha əvvələ yazıblar. Bu da keçid ballarının artmasına gətirib çıxarıb.

Burada əsas amillərdən biri illik təhsil haqqının məbləğidir”.

09:36 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin