158 kq dondurma məhv edildi

 158 kq dondurma məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib.

Bu barədə Asayis.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb. Nəticələrə əsasən, istehsalçı - fiziki şəxs Tahir Adil oğlu Qasımova məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib.

Belə ki, həmin dondurma emalı müəssisəsində istehsal olunan "Fantaziya" əmtəə nişanlı "Matroskin" südlü dondurmasından götürülən nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin məhsulun etiketində kərə yağından istifadə olunduğu bəyan edilsə də, tərkibində bitki sterini aşkarlanıb.

Bununla əlaqədar, qanunvericiliyə uyğun inzibati tədbir görülüb, müəssisədə dondurma emalı dayandırılıb, uyğunsuzluq müəyyən edilmiş məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq, müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

15:02 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin