Rektor tələbələri təbrik etdi: Sizi iki fərqli diplom gözləyir

 Rektor tələbələri təbrik etdi: Sizi iki fərqli diplom gözləyir

Əziz gənclərimiz, hamınızı Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbəsi olmağınız münasibətilə bütün heyətimiz adından ürəkdən təbrik edirəm. TAU ailəsinə xoş gəlmişsiniz və hamınızı gələcəyin mühəndislərini hazırlayan təhsil ocağımızda görməkdən çox məmnunuq.

Asayis.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova tələbə adını qazanmış gənclərə təbrikində deyib.

“Siz, Azərbaycanın gələcəyi olan gənclər, TAU-nu seçməklə yalnız tələbə adını qazanmadınız, eyni zamanda qarşınızda təhsil həyatınızın çox maraqlı və inkişaf dolu səhifəsini açdınız.

Universitetimiz Azərbaycanla Türkiyə arasında mövcud olan və bütün sahələrdə inkişaf edən əlaqələrinin içərisində ən dəyərli tərkib hissəsi olan təhsil əlaqələrinin ən bariz nümunəsi, qardaşlıq münasibətlərinin simvoludur.

İki qardaş ölkənin prezidentlərinin etimadı ilə qurulan və hər zaman diqqət mərkəzində olan Türkiyə-Azərbaycan Universitetinin əsas məqsədi sizin kimi savadlı, istedadlı və parlaq gələcək vəd edən gənclərimizi ölkəmiz üçün beynəlxalq standartlara cavab verən peşəkar mütəxəssis kimi yetişdirməkdir. Bu məqsədlə sizin üçün Türkiyənin nüfuzlu universitetlərinin imkanlarından faydalanmaqla, beynəlxalq təhsil mühiti yaradılıb.

Burada siz çağdaş tələblərə uyğun formada Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin nüfuzlu professor-müəllim heyəti tərəfindən kompüter mühəndisi, sənaye mühəndisi və qida mühəndisi kimi yetişdiriləcəksiniz.

Tədris prosesi zamanı tələbələrimiz nəzəriyyə ilə yanaşı, ən müasir laboratoriyalarda müxtəlif eksperimentlər aparmaqla, müxtəlif layihələrin və elmi-tədqiqat işlərinin hazırlanmasına cəlb olunmaqla, öz sahələrində praktiki bacarıq və vərdişlər qazanacaqlar.

Xüsusilə vurğulamaq istəyirəm ki, dövlətin prioritet seçdiyi bu ixtisaslar üzrə məzun olarkən sizi iki fərqli və beynəlxalq səviyyədə tanınan diplom gözləyir: bunlar Türkiyədən tərəfdaş universitetlərin və Azərbaycan Texniki Universitetinin diplomlarıdır. Beləliklə, siz həm dünya üzrə top universitetlərdə magistratura və doktorantura pillərində təhsil almaq fürsətlərini, həm də asanlıqla yerli və qlobal əmək bazarında prestijli iş imkanlarına çıxış əldə edəcəksiniz.

Gələcəyin mühəndisləri olacaq əziz gənclərimiz, hər birinizi bir daha təbrik edir, yeni təhsil həyatınızda bol uğurlar, yüksək nailiyyətlər və unudulmaz tələbəlik illəri arzu edirik!

Əmin olun ki, siz doğru ünvanda və peşəkar akademik mühitdəsiniz!”, - rektor bildirib.

11:04 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin