Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir.
Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır? Əgər belədirsə, bunun səbəbi nədir? Ümumiyyətlə, kimlər hərbi xidmətə yararsız hesab olunur?
Asayis.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli döyməsi olan şəxslərin hərbi xidmətə çağırıldığını bildirib.
“Lakin bəzi hallarda onların psixi durumu və sağlamlıq vəziyyəti yoxlanılır. Əgər hər hansı problem aşkarlanarsa, bu artıq ümumi tibbi müayinə çərçivəsində dəyərləndirilir. Əslində əvvəlki illərdə psixi sağlamlıq məsələlərinə nadir hallarda diqqət yetirilirdisə, indi bu, daha ciddi şəkildə yoxlanılır. Azərbaycanda və dünyada gənclər arasında bədənə döymə etdirmə halları artıb və bu artıq müəyyən mənada dəb halını alıb. Bir çox qoşun növlərində bu məqam nəzərə alınsa da, ümumilikdə belə bir qayda yoxdur ki, döyməsi olan şəxslər hərbi xidmətdən azad olunsun”, - ekspert vurğulayıb.
E.Həsənli əlavə edib ki, gənclər arasında maarifləndirmə işinin davamlı aparılmasına ehtiyac var:
“Xüsusilə məktəblərdə və çağırışçılar arasında bu istiqamətdə izahat və maarifləndirmə işləri aparılır və gələcəkdə də buna böyük ehtiyac var. Gənclər özlərinə ideal kimi idmançıları, futbolçuları, müğənniləri və film qəhrəmanlarını seçirlər. Xüsusilə xarici ölkələrdən olan tanınmış şəxslər və beynəlxalq yarışların qalibləri onlara təsir edir. Bu səbəbdən də gənclər onlara bənzəməyə çalışır və son dövrlərdə döymə etdirənlərin sayı artmaqdadır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq çağırışa cəlb olunmuş vətəndaşlar əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması (ambulator və ya stasionar müalicə) nəzərə alınmaqla, müayinə zamanı “mənəvi-psixoloji durumunun” qiymətləndirilməsi üçün, həmçinin bədəninin müxtəlif nahiyələrində tatuaj (döymə) və ya çapıq izləri aşkar edildikdə psixiatriya xəstəxanalarında əlavə müayinəyə cəlb edilirlər. Göndəriş və nəticələr elektron qaydada sistem üzərindən aparılır. Müayinənin nəticəsindən asılı olaraq çağırışaqədər yaş həddində olanlar barəsində qərar qəbul edilir.
