İkinci dəfə 300 bal toplayan şagird: Uğurumun səbəbi...

 İkinci dəfə 300 bal toplayan şagird: Uğurumun səbəbi...

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.

Asayis.az xəbər verir ki, Aydın Həsənli əldə etdiyi uğurla bağlı Oxu.az-a danışıb.

A.Həsənli bildirib ki, maksimum nəticəni gözləsə də, tam əmin olmayıb:

"300 bal olmasa da, 297-298 civarında nəticə gözləyirdim. Amma çox şükür ki, 300 bal oldu. 9-cu sinifdə də 300 bal toplamışdım. Bu sevinci ikinci dəfə yaşayıram. Xəbəri eşidəndə ailə üzvlərim yanımda idi, sevincimizi özünüz təsəvvür edin".

A.Həsənli hazırlıq prosesindən də danışaraq bildirib ki, uğurun arxasında həm sistemli zəhmət, həm də düzgün hədəf dayanır:

"Təxminən gündə iki saat hazırlıqda olurdum. Üstəlik, əlavə olaraq özüm də çalışırdım, inkişaf üçün mətnlər yazırdım. Uşaqdan uşağa fərq edir - təkbaşına hazırlaşıb yüksək nəticə göstərənlər də var, hazırlığa gedənlər də. Amma əsas məsələ yüksək hədəf qoymaqdır".

O, gələcək planlarına da toxunub:

"Kompüter elmləri ixtisasını seçmək istəyirəm. Qəbul üçün xüsusi hazırlaşmamışam. Çünki respublika səviyyəli yarışlarda nəticələrim və medallarım var".

20:46 - 17 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin