TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Türk Dövlətləri Nefrologiya Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresi” uğurla başa çatıb.
Asayis.az xəbər verir ki, konqresin əsas məqsədi daxili xəstəliklər və nefrologiya sahəsində son elmi yeniliklərin müzakirəsi, qabaqcıl klinik təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Tədbirdə ölkənin tanınmış tibb mütəxəssisləri, türk dövlətlərinin baş nefroloqları, tanınmış professor və elm xadimləri ilə yanaşı, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri, Avropa Böyrək Assosiasiyasının yeni dövr üzrə rəhbəri həmçinin ABŞ və Yaponiyadan dəvət olunmuş nüfuzlu mütəxəssislər iştirak ediblər.
Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov çıxış edərək tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.
O bildirib ki, belə beynəlxalq miqyaslı konqreslər təkcə elmi biliklərin paylaşılması ilə məhdudlaşmır, eyni zamanda müxtəlif ölkələrdən olan mütəxəssislər arasında peşəkar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və səhiyyə sahəsində vahid yanaşmaların formalaşmasına mühüm töhfə verir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdıraraq, belə elmi platformaların bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.
TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında tibbi xidmətlərin təşkili, müasir yanaşmaların tətbiqi və pasiyent məmnuniyyətinin artırılması istiqamətində aparılan işləri vurğulayıb.
Tədbir həmçinin gənc həkimlər və rezidentlər üçün təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən sessiyalar müasir tibbi biliklərin praktik səhiyyəyə tətbiqinə əhəmiyyətli töhfə verib.
