“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2026 [17:05]
A+ A-
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 51-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsinə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038; 2026, № 1, maddələr 24, 41) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “51-1.2-ci maddəsində,” sözləri əlavə edilsin;
4.2. dördüncü–iyirmi altıncı abzaslar müvafiq olaraq beşinci–iyirmi yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“həmin Məcəllənin 51-1.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti;”.
