Qızıl suyuna bulanmış "Mühərrik yağları"… Sürücünün cibi üçün İllüziya

 Qızıl suyuna bulanmış

Bakının qızmar asfaltında, tıxacların can aldıqları küçələrində hər bir avtomobil sahibinin dərdi eynidir: maşının “ürəyi” səssiz qalmasın deyə ona tökülən o qara, sirli maye – mühərrik yağı. Amma bu gün paytaxt mağazalarının piştaxtalarına baxanda adamın gözü kəllə-çəkiyə çıxır. Əldəqayırma bazar qanunları və "premium" adı altında sürücünün cibinə soxulan əllər artıq açıq-aşkar soyğunçuluq həddinə çatıb. Təsəvvür edin, 3 milyonluq avtomobil parkı olan ölkəmizdə 300-ə yaxın müxtəlif markada yağ brendi satılır. Dünyada tanınanı da var, Biləcəridən o tərəfə adı belə eşidilməyəni də… Hamısı da “BREND” ! 

Gün batmamış qiymətlər kəllə-çarxa çıxır, gün doğanda da mənşəysiz yağlar maşınları sıradan çıxarır. Yolda, dağda, bağda, hansı sürücünü bəxti harda gətirdisə, orda da qaldı…

Son 6 ayda dünya bazarında mühərrik yağlarının qiymətinin bahalaşması az qala “MANŞET” kimi duyurulur. Narazılıq olduğu qədər də “biznesmen”lər üçün iştah həbi kimi qəbul edilir.

Ortada üç qlobal nəhəng var: Liqui Moly, Ravenol və Valvoline. Amma sual budur: biz bu qiymətləri reallıqda mühərrikin qorunmasına ödəyirik, yoxsa dilerlərin toxunulmaz qazanc iştahına?

Gəlin, rəqəmlərə və reallıqlara sərt şəkildə baxaq. Almaniya mənşəli dövriyyəsi milyardları keçən Liqui Moly və həmkarı Ravenol öz məhsullarını "Made in Germany" etiketi ilə sırımağı sevir. Bakıda isə 5 litrlik bir qutu yağ üçün 145 manatdan başlayıb 195 manata qədər, hətta "Top Tec" və ya "VMP" seriyalarında 180-185 manatı ötən qiymətlər yazırlar. Bəs tarixi amerikalı olan, lakin bu gün nəhəng neft imperiyası Aramco-ya məxsus olan və Avropa üçün Niderlandda istehsal edilən Valvoline bundan geri qalır? Xeyr, onun da 5 litri 135-160 manat arasında dəyişir.

İndi isə əsas səhnəyə – bu qiymətlərin arxasındakı səssiz manipulyasiyaya baxaq.

Bazarda hər kəs dilində bir əzbər tutdurub: “Rəsmi distribyutoruq!”, “Birbaşa zavoddan gətiririk!”, “100% orijinaldır!” 

Amma məsələ cibə girəndə, o gurultulu sözlərin arxasında nə bir şəffaf gömrük sənədi, nə partiya kodlarının (batch code) dürüst izlənməsi, nə də məntiqi əsaslandırma qalır. Sürücü soruşanda ki, "A qardaş, bu 200 manatlıq qiymətin nə qədəri texnologiyadır?", cavab yoxdur. Çünki o qiymətin içində real məhsul dəyərindən çox, yerli möhtəkirlərin qazanc marjası, süni şişirdilmiş brend imici və nəqliyyat bəhanələri dayanır.

Avtomobil sadəcə dəmir yığınıdır, o sənin cibindəki pulların sayını bilmir. Amma bizim "işbazlar" çox gözəl bilir ki, azərbaycanlı sürücü maşınına qurban gedər, yağını da "ən bahalısından" tökər ki, kiməsə söz gəlməsin. Bu psixoloji zəiflikdən isə ustalıqla istifadə edirlər. Sürücü cahil deyil, sadəcə alternativsizlik divarına dirənib.

Nəticə acınacaqlıdır: hər 5-7 min kilometr bir mühərrik yağını dəyişmək məcburiyyətində qalan vətəndaş, əslində, maşınına deyil, kimlərinsə sərhədsiz sərvət hərisliyinə işləyir.

Açıq sual olaraq qalır və cavab tələb edir: Azərbaycanda gömrükdən çıxan ucuz maya dəyərli yağlar hansı əxlaqla və hansı sənədlərlə ikiqat, üçqat qiymətə sürücünün başına "qızıl su" kimi süzülür?Bu bazara nəzarət edən, "bazar iqtisadiyyatıdır" deyib kənara çəkilən aidiyyəti qurumlar nə vaxta qədər bu soyğunçuluğa tamaşa edəcək? Sürücünün səbri də bir loxma yağ kimi hər gün daha da incəlir, xəbəriniz olsun!

21:19 - 2 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin