Anar Əliyev Laçında vətəndaşları qəbul etdi

 Anar Əliyev Laçında vətəndaşları qəbul etdi

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış da keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.

Asayis.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Nazir Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Alyarova Elnurə Asif qızı və Rüstəmova Günay Pənah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış da keçiriblər.

Proqram üzrə Elnurə Alyarova üçün poliqrafiya xidmətləri, Günay Rüstəmova üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub.

Hər iki proqram iştirakçısı doğma yurdlarına qayıtmalarına, habelə burada öz kiçik ailə bizneslərini qurmalarına görə sevinc və qürur hisslərini bölüşüb, göstərilən böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən artıq 759 nəfərə, o cümlədən Laçına köçürülən sakinlərdən 85 nəfərə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

18:28 - 11 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin