Nəcibə Nəsibova İstanbulda: Tələbələr üçün yeni şans

 Nəcibə Nəsibova İstanbulda: Tələbələr üçün yeni şans

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki Universitetini (İTÜ) ziyarət edib.

TAU-nun mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, ziyarət çərçivəsində Nəcibə Nəsibova İTÜ-nün rektoru professor Hasan Mandal, prorektor, dekan, kafedra müdiri və müəllimlərlə görüşüb.

Görüş zamanı İTÜ ilə tərəfdaşlıq çərçivəsində TAU-da həyata keçirilən Sənaye mühəndisliyi proqramının tədris imkanlarının daha da genişləndirilməsi, tələbələrin İTÜ-nün zəngin akademik mühitinə daha yaxından inteqrasiyası və mövcud imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Bu çərçivədə TAU tələbələrinin İTÜ kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, İTÜ-də təcrübə imkanlarının genişləndirilməsi, universitetin kitabxanasından istifadə, tələbələr üçün seminar, təlim və akademik görüşlərin təşkili, eləcə də İTÜ-nün laboratoriya və digər akademik imkanlarından daha geniş faydalanmaları istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin iki universitet arasında akademik əlaqələrin daha da inkişaf etdirilməsi və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində də qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində İTÜ tərəfindən Sənaye mühəndisliyi proqramı həyata keçirilir. Proqram çərçivəsində TAU tələbələri İTÜ-nün professor-müəllim heyətinin iştirakı ilə təhsil alır və İTÜ-nün akademik imkanlarından yararlanırlar. Hər il sənaye mühəndisliyi ixtisasının tələbələrinin İTÜ kampusuna bir həftəlik tanışlıq səfəri təşkil olunur.

12:48 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin