Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Bakı şəhərindki “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Asayis.az xəbər verir ki, daha sonra Dövlət Komitəsində Xocalıdan olan məcburi köçkününlərin bir qrupunun iştirakı ilə anım tədbiri keçirilib.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı əsrlər boyu apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, erməni silahlı dəstələrinin, keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Azərbaycanda Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyi, sonrakı dövrdə Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü iş aparıldığı, bunun xarici siyasətdə ən prioritet istiqamətlərdən biri olduğu, Heydər Əliyev Fondununun “Xocalıya Ədalət!" beynəlxalq kampaniyasının böyük əks-səda doğurduğu bildirilib.
Qürur hissi ilə vurğulanıb ki, bu il soyqırımı qurbanlarının xatirəsi, işğaldan azad edilmiş və separatçılardan tam təmizlənmiş Xocalı şəhərinin özündə də qeyd edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalıya – doğma yurdlarına qayıtmış sakinlərlə görüşüb, Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Bu, dövlətimizin gücünün nümayişi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümüdür.
Bildirilib ki, hazırda Xocalı rayonunda bərpa və quruculuq işləri davam etdirilir. Bu günədək Xocalı şəhərində və rayonun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Daşbulaq, Xanabad, Seyidbəyli, Ballıca kəndlərində yüzlərlə keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb və onların sayı daha da artacaqdır.
Tədbirdə Xocalı soyqırımı və Böyük Qayıdış haqqında videoçarxlar nümayiş olunub.
Sonra Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Aparatın rəhbəri Eldar Zeynalov, sektor müdiri Emin Usubov, Xocalı sakinləri Brilyant Hacıyeva, Tahirə Hüseynova çıxış ediblər. Qeyd olunub ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi yaşayacaq, soydaşlarımızın başına gətirilənlər heç vaxt unudulmayacaqdır. Tarixi yurd yerlərinə qayıdan Xocalı sakinlərinin hədsiz sevinc və qürur hissi yaşadıqları vurğulanıb. Yurd yerlərimiz yenidən doğma sakinlərinin iştirakı ilə dirçəlir, yeni bir həyata qovuşur.
