Bakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın 9 ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib.
Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə cərrah mana-ginekoloq İlhamə Nağıyeva məlumat yayıb.
Həkimin sözlərinə görə, gecə saat 03:00 radələrində qanaxma və qarında gücənmə xarakterli ağrılarla bağlı təcili tibbi yardım çağırışı daxil olub:
"Müayinə zamanı qadının 38 həftəlik hamilə olduğu məlum olub. Pasiyentlə ilkin anamnez toplayarkən qadın hamiləlik ehtimalını qəti şəkildə inkar edib. Pasiyent qalın, üst-üstə geyinilmiş paltarlarda idi. Xarici görünüşünə əsasən hamiləlik müddətini qiymətləndirmək belə halda çətin ola bilir. Şikayətlərinə və anamnezə əsasən müayinəni davam etdirirəm. Uzadıb qarnını müayinə etmək üçün açıram və USM-ə hazırlayıram. Qarın hamiləliyə uyğun böyükdür. USM-də dölyanı mayenin bitdiyi, dölün diri olduğu və 38 həftəlik hamiləlik müəyyən edilir".
İ.Nağıyeva qeyd edib ki, qadının arterial təzyiqi 213/120, başında kəskin ağrı, görməsində pozğunluq var idi:
"Təcili keysəriyyə əməliyyatına aldıq. Çapıq tamamilə nazilib və uşağın saçı görünür. Çünki tam düz bir il əvvəl, eyni tarixdə keysəriyyə əməliyyatı keçirib. Bu qadınınmı bəxti gətirdi, mənimmi bəxtim gətirdi, bilmirəm. Hər halda, şükür ki, ikisi də sağ-salamatdır. Bir az da geciksə və ya diqqətdən qaçsa, itirilmə ehtimalı yüksək olan xəstə idi. Evdə 4 uşağı var. Buna baxmayaraq, hamilə olduğunu, uşağın tərpənməsini, qarnının böyüməsini anlamadığını deyir. Bu cür riskli xəstə bu müddətdə bir dəfə belə həkimdə olmayıb. Hamiləlik bəzən qadının özü tərəfindən belə hiss edilməyə bilər, amma bu, hamiləlik nəzarətinin əhəmiyyətini azaltmır. Sağlamlığınıza biganə olmayın!!!”
