Bakıda daha bir jurnalistə hücum edildi - Video

 Bakıda daha bir jurnalistə hücum edildi - Video

APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.

Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və TV-yə məxsus texniki avadanlığa zərər vurub.

Jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.

Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.

Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.

Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

12:38 - 1 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin