Bakının Sabunçu rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Qeyd edək ki, bundan əvvəli iclasda çıxış edən prokuror təqsirləndirilən Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib.
44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. İftixar Vəlizadənin 19 yaşlı oğlu Ayxan Vəlizadə şübhəli şəxs qismində saxlanıb.
Ayxan Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
