Azərbaycanda dini-etiqad azadlığı üçün bütün şərait yaradılıb. Yəni bu gün Azərbaycanda məzhəblərimizin dini ayinləri sərbəst yerinə yetirilir. Bu gün ölkəmizdə hicaba və niqaba hər hansı bir qadağa yoxdur.
Bu sözləri Asayis.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmmədov bildirib.
Deputatın sözlərinə görə, ölkəmizdə din mövzusunda tam azadlıq var:
“Yəni biz bu gün bir sıra ölkələrin təcrübəsinə baxanda görürük ki, burada fərqli bir məsələ və vəziyyət var. Bizim ölkəmizdə isə durum tamamilə fərqlidir. Yəni bu mövzuda tam azadlıq və sərbəstlik var. İstər dövlət, istərsə də qeyri-dövlət qurumlarında hicablı insanlar çalışırlar. Onlara hər hansı bir məhdudiyyət tətbiq olunmur.
Burada söhbət yalnız məktəbdə şagird və müəllimlərin geyimindən gedir. Yəni şagird və müəllimlər norma və qaydalara əməl etməlidirlər. Bu gün qısa ətəklə, uzun dırnaqla, rəngli saçla, idman ayaqqabısı və digər geyimlərlə məktəbə getməyə məhdudiyyət tətbiq olunur. Burada dini dəyərlərə qarşı hər hansı hücumdan söhbət getmir. Söhbət məktəbdə bərabərliyin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması məktəbə aidliyin təmin olunması istiqamətində atılan addımlardan gedir. O mənada elə təqdim edilir ki, guya Azərbaycanda islamla mübarizə gedir, islama qarşı addımlar atılır. Ancaq bu iddiaların heç bir əsası yoxdur. Bu sırf məktəblə bağlı məsələdir.
Bu gün Cənab Prezidentin din sahəsinə diqqəti var. Qarabağda yeni məscidlər tikilir, köhnələri bərpa olunur. Ölkəmiz islam həmrəyliyinə böyük töhfə verir, islam ölkələrini dəstəkləyir və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu gün bütün aspektlərdən Azərbaycan bu prosesdə öz sözünü deyir. Bir daha qeyd edirik ki, dinə, dini etiqad və ayinlərə hər hansı bir qadağadan söhbət getmir”.
