İslamda tövsiyə xarakterlidir, insanlar isə savadsızlıqdan...

 İslamda tövsiyə xarakterlidir, insanlar isə savadsızlıqdan...

Vahid məktəbli forması ilə bağlı dövlətin qərarı var. Bu, hər hansı bir inanca - təkcə İslam dininə deyil, digər dinlərə də əsaslanan inanclara - qarşı yönəlmiş münasibət deyil. Söhbət bütövlükdə vahid məktəbli formasından gedir.

Bu sözləri Asayis.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunu bəzən savadsızlıqdan İslamın dəyəri kimi təqdim edirlər.

“Halbuki İslamın əsas dəyəri Qurandır. Qurandan başqa Allahın insandan tələb etdiyi əsas davranış ədalətdir.

İnsanın geyiminin açıq və ya qapalı olması onun ədalət meyarına təsir etmir. İslamda tövsiyə xarakteri daşıyan hansısa mesajlar var və bunlar əmrlər kimi cəmiyyətə illər boyu təlqin edilib, nəticədə insanların böyük bir hissəsi də savadsızlıqdan bu yolu tutur, həmin məsələləri bir dəyərə çevirir və müqəddəsləşdirir. Müqəddəsləşdirildikdən sonra isə insanın əlindən müqəddəs hesab etdiyi bir şeyi almaq mümkündürmü? Bu, çox böyük çətinliklə baş verir.

Ona görə də dövlət süni şəkildə müqəddəsləşdirilən bu cür məsələlərə qarşı çıxır. Yoxsa inanca hansısa məhdudiyyət varmı? Məscidlər bağlıdırmı? İbadət edən insanlara mane olan varmı? Yaxud çöldə, bağda, küçədə hicabla gəzən qadınlara kimsə irad bildirirmi? Bunların heç biri yoxdur.

Bu, dövlətin təhsil sahəsində müəyyən dərəcədə bərabərlik prinsipini qorumaq və sosial fərqlilikləri aradan qaldırmaq üçün atdığı addımdır. Hər kəs də bu addıma tabe olmalıdır”, - o bildirib.

15:22 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin