Martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 58 mindən çox abituriyentin iştirakı ilə qəbul imtahanının birinci mərhələsi keçirilib. Bu mərhələ ali məktəblərə qəbul prosesində mühüm rol oynayır və ümumi 700 balın 300 balı məhz bu imtahanda formalaşır.
İmtahandan sonra sosial şəbəkələrdə və abituriyentlər arasında sualların çətin olduğu ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi abituriyentlər xüsusilə müəyyən sualların gözlədiklərindən daha mürəkkəb olduğunu bildiriblər. Müzakirələr fonunda imtahanın çətinliyi və hazırlıq prosesi ilə bağlı məsələlər yenidən gündəmə gəlib.
Sözügedən mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Asayis.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanı qəbul prosesinin vacib mərhələsidir və ona ciddi hazırlaşmaq lazımdır:
“Təəssüf ki, buraxılış imtahanına qeyri-ciddi yanaşan şəxslər çoxdur. Biz bildiririk ki, bu, qəbul imtahanının birinci mərhələsidir. Mümkün 700 balın 300 balını bu imtahandan toplayırlar.
Amma çoxunun təxəyyülündə bu imtahan sıradan bir imtahan, yaxud attestat imtahanı kimi formalaşıb. Sadə olmalıdır və s. Xeyr. İmtahana ciddi hazırlaşmaq lazımdır. Biz bəzi platformalarda şəxslər görürük ki, abituriyentləri sadə suallar üzərindən yönləndirirlər. Abituriyentlər də asan suallara öyrəşir və birdən-birə çətin suallarla qarşı-qarşıya qalanda sualların ağır olduğunu düşünürlər. Təbii ki, bunlar yeni suallardır və indiyə qədər görməmisiniz”.
Ekspert buraxılış imtahanlarında Dövlət İmtahan Mərkəzinin vahid proqramı və Elm və Təhsil Nazirliyinin təhsil müəssisələri üçün nəzərdə tutulan tədris proqramından kənar hər hansı bir mövzu olmadığını vurğulayıb:
“DİM-in tərtib etdiyi test toplularındakı suallar buraxılış imtahanında olmalı deyil. İki-üç sual oxşar ola bilər, lakin hamısı yox. Bazaya yeni suallar daxil olur və əlbəttə ki, bunun üzərindən müvafiq olaraq abituriyentlər imtahan verirlər. Bir nəfər deyə bilməz ki, bu mövzu tədris proqramında yoxdur, yaxud bu mövzu tədris olunmayıb”.
Elçin Əfəndinin fikrincə, bu il üçün abituriyentlər arasında maksimal nəticə göstərəcək olanlara ümid var:
“Çünki bu il imtahan verən abituriyentlər 2 il bundan əvvəl də imtahan vermişdilər. 9 illik bazadan 26 nəfər maksimal nəticə əldə etmişdi. Yəni 300 bal toplamışdı. Düşünürəm ki, bu il yenə yüksək nəticə göstərən abituriyentlər olacaq.
Biz imtahanların çətin və ya asan olduğunu yalnız imtahan nəticələrindən sonra bilə biləcəyik. Bütün iştirakçıların əldə etdiyi nəticələrin median göstəricisi ötən ildən çoxdursa, deməli, imtahan rahat olub. Əgər aşağıdırsa, deməli, imtahan çətin olub. Bu barədə də mərkəz məlumat verəcək. Lakin hazırda bununla bağlı hər hansı bir fikir bildirmək doğru deyil.
Suallar həmişəki prinsiplə - sadə, orta və çətin olmaqla hazırlanıb. Məlum məsələdir ki, çətin suallar daha yaxşıları müəyyənləşdirmək üçündür. Sadə və orta suallar isə qismən hazırlaşan və orta hazırlıq səviyyəsi olanlar üçündür. Onlar o sualları cavablandırsınlar”.
Ekspert qeyd edir ki, buraxılış imtahanının nəticələrindən sonra da apellyasiya komissiyası fəaliyyət göstərəcək:
“Əgər suallarda elmi, yaxud texniki xətalar varsa, abituriyentlər bununla bağlı müraciət edə bilərlər. Dövlət İmtahan Mərkəzi şəxslərin iddiaları əsasında həqiqətən də xəta olduğunu aşkarlasa, o zaman həmin imtahan nəticələri abituriyentlərin xeyrinə əsaslanır.
Amma bildiyimiz qədərilə, son keçirilən imtahanda nə elmi, nə də texniki sual səhvi var. Ola bilər ki, bəzi bölgələrdə dinləmə mətni ilə bağlı hər hansı bir səsdə xırıltı, xışıltı kimi texniki məsələlər olub. Bu da imtahan gedişatında olacaq hallardır. Könül istər ki, olmasın. Təəssüf ki, belə hallar istisna olmur”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.

