Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.
Asayis.az xəbər verir ki, görüş zamanı şəhər rəhbəri qonağa Sumqayıtın yaranma tarixi, sənaye şəhəri kimi formalaşması, əhalinin məşğulluq səviyyəsi, sosial infrastrukturun inkişafı, eləcə də son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci ən böyük sənaye mərkəzi olmaqla yanaşı, innovativ layihələrin icra olunduğu strateji şəhərlərdən biridir. Qeyd olunub ki, şəhərdə sənaye müəssisələrinin müasir standartlara uyğun yenidən qurulması, yeni texnologiyaların tətbiqi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə kimya, metallurgiya, tikinti materialları və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin modernləşdirilməsi iqtisadi artıma mühüm töhfə verir.
Zakir Fərəcov vurğulayıb ki, xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb, sənaye zonalarında müxtəlif vergi və gömrük güzəştləri tətbiq olunur. Bu amillər beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün real imkanlar yaradır. Şəhər rəhbəri Belçika şirkətlərinin Sumqayıtda həyata keçirilən layihələrdə iştirakının qarşılıqlı faydalı ola biləcəyini diqqətə çatdırıb.
Səfir Julyen de Frepon isə Sumqayıta rəsmi səfərindən məmnunluğunu ifadə edərək, şəhərdə müşahidə etdiyi dinamik inkişaf prosesini yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Belçika arasında iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə möhkəm əlaqələr mövcuddur və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensial var.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri, xüsusilə sənaye, logistika, alternativ enerji və təhsil sahələrində mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı səfərlərin və işgüzar əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Sumqayıta səfəri çərçivəsində səfir Julyen de Frepon Heydər Əliyev Mərkəzi, Şəhidlər Xiyabanı və bir sıra sənaye müəssisələrində də olub.
