İranda səfərdə olan tanınmış Azərbaycan yazıçısı Həmid Herisçidən xəbər yoxdur.
Təbrizdə olan Həmid Herisçi İrana son hücumlardan sonra heç kimlə əlaqə saxlamayıb, sosial şəbəkə hesabında heç nə yazmayıb.
Sonuncu paylaşımını 18 saat öncə edən yazıçı ilə əlaqə yaratmaq mümkün olmayıb.
Həmid Herisçinin son paylaşımı:
"İranda güclü qar yağır. Mən nə müharibədən qorxuram, nə də ki, qardan. Şəhadət axtarıram. Axirət sevdası yaşayıram burada".
Yazıçının həyat yoldaşı İlhamiyyə Rza həmin paylaşımın altından yalnız bunu yazıb: "Təcili qayıt!"
Xatırladaq ki, Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Ata tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.
Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir.
