Sərsəng su anbarında təmir və bərpa işlərinə başlanılır.
Asayis.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, qurum su anbarında təmir və bərpa işlərini "Hidro İnşaat Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə imzalayıb.
Müqaviləyə əsasən, sözügedən işlərin icrası 15,973 milyon manata başa gələcək.
Qeyd edək ki, bir müddət əvvəl Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sərsəng su anbarında təmir işləri ilə bağlı tender elan etmişdi.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.
