Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?

 Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Asayis.az Oxu.az-a istinadla Azərbaycan Respublikasının Bəhreyn Krallığında yeni səfirinin dosyesini təqdim edir:

Cavidan Hüseynov 1 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. 1999-2000-ci illərdə nazirliyin Konsulluq İdarəsində attaşe vəzifəsində çalışıb. 2000-2003-cü illərdə həmin idarədə üçüncü katib, 2003-2004-cü illərdə isə ikinci katib olub. 2004-2006-cı illərdə Konsulluq İdarəsində şöbə müdiri vəzifəsini icra edib.

2006-cı ildə Azərbaycanın Rusiyadakı səfirliyində şöbə müdiri – birinci katib kimi fəaliyyət göstərib. Həmin ildən 2010-cu ilə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində müşavir vəzifəsində çalışıb. 2010-2018-ci illərdə isə həmin idarənin rəis müavini olub.

2018-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. O, 2018-ci ildən bu günə qədər Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsində çalışıb.

Ailəlidir, üç övladı var.

19:26 - 27 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin