Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Asayis.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda elan olunan hökmlə N.Zərbəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilənin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Nurlan Zərbalıyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhddə ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
