Şəhid ailəsinin evi yandı, ailəsi soyuqda çarəsiz durumda qalıb - FOTO

 Şəhid ailəsinin evi yandı, ailəsi soyuqda çarəsiz durumda qalıb - FOTO

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb.

Asayis.Az xəbər verir ki, yanan ev şəhid Toğrul Xudiyevin ailəsinə məxsus olub.

Atası Habil Xudiyevin BAKU.WS-ə verdiyi məlumata görə, 4 yanvar tarixində qardaşıgilə qonaq gedərkən evlərində elektrik xətlərindəki qısaqapanmadan yanğın baş verib. Yanğından sonra evdə heç nə qalmayıb. Hətta sənədlər və şəhiddən xatirə qalan bütün əşyalar da yanaraq kül olub.

Mövcud hadisədən sonra şəhid ailəsi çıxılmaz vəziyyətə düşüb. Çünki onların yaşamaq üçün evləri olmadığından birotaqlı yerdə qalmaq məcburiyyətində qalıblar.

Şəhidin atası mövcud vəziyyətlə bağlı rəsmi qurumlara müraciət edərək onlardan ya evlərinin bərpa olunmaları, ya da yeni mənzillə təmin olunmalarını xahiş edib.

15:55 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin