Azərbaycana keçən il ən çox turist hansı ölkədən gəlib? - ÖZƏL AÇIQLAMA

 Azərbaycana keçən il ən çox turist hansı ölkədən gəlib? - ÖZƏL AÇIQLAMA

"2022-ci ilin 11 ayında Azərbaycana 1 milyon 458.786 nəfər əcnəbi turist gəlib. Bu, 2021-ci illə müqayisədə 111 faiz artım deməkdir. 2021-ci ildə bu rəqəm 692.314 nəfər olub".

Bu məlumatı Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Asayis.az-a açıqlayıb.

Onun sözlərinə görə, 2020-2021 -ci illərlə müqayisədə Azərbaycanın bölgələrinə səfər edən yerli və xarici turistlərin sayı da xeyli artıb: 

“Hazırda pandemiya davam etsə də artıq ölkələrlə hava sərhədi açıldığından indi əcnəbilərin Azərbaycana gəlişində artım var. Təkcə 2022-ci ilin noyabr ayında Azərbaycana gələn xarici ziyarətçilərin sayı 135.370 nəfər olub. Bu isə 2021-ci ilin noyabr ayı ilə müqayisədə 57 faiz çoxdur”.

Dövlət Turizm Ağentliyinin sözçüsü ölkəmizə əcnəbilərin hansı ölkələrdən gəldiyini də açıqlayıb:

“Bunlar Rusiya, Türkiyə, İran, Ukrayna, Pakistan, Gürcüstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Hİndistan, Küveyt, İsrail, Belarus, Birləşmiş Krallıq, Almaniya, Oman olmaqla 17 xarici ölkənin vətəndaşlarıdır. Keçən il Azərbaycana ən çox turist isə qonşu Rusiyadan gəlib - 404.095 nəfər”.

Hazırda bayram tətili davam edir.

Ölkəmizə gələn yerli və xarici turistlərin ən çox ənənəvi olaraq şimal və şimal-qərb zonalarına səfər etdiyi bildirilir. Qərb və cənub istiqamətində də turistlərin çoxluğu müşahidə edilir. Ən çox ziyarətçi olduğu yerlər isə qar olduğuna görə, Qusar və Qəbələdəki Şahdağ və Tufandağ qış-yay turizm mərkəzləridir.

Quba-Qəçreş-Xınalıq-Təngəaltı istiqamətində də turistlərin sıxlığı müşahidə olunur. Konkret statistika isə bayram tətili başa çatandan sonra açıqlanacaq.

21:20 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin