Bakıda ata və oğlanlarına qarşı 2 milyonluq dələduzluq...

 Bakıda ata və oğlanlarına qarşı 2 milyonluq dələduzluq...

Bakıda vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən sahibkar Sirac Səmədov və onun yaxın qohumu Sahil Nəhmətovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ramal Quliyev ifadə verib.

Zərəçəkmiş bildirib ki, tikinti ilə məşğul olub, ona 750 min manat ziyan dəyib.

Ramal Quliyevin sözlərinə görə, 530 min manatı borc alıb. Qeyd edib ki, guya pulun əvəzi olaraq ona ev veriblər:

"Amma həmin evi də başqasına satıb, orada da başqası yaşayır. Pulu ona borc şəkilində vermişdim. Dedi ki, obyekt var, həmin obyekti almaq üçün beh verib. Qalan pulu çatdırmasa, behi batacaq. Mən də ona pul verdim".

Digər zərərçəkmiş Ağagül Sadıqovanın sözlərinə görə, Sirac Səmədovu bacısının ərinin vasitəsi ilə tanıyıb. Ev almaq üçün 40 min manat ödəniş edib:

"Pulu tam ödəmədiyim üçün evi adıma keçirmədi. Sonradan həbs edildi, evin başqa sahibi gəldi. İndi mən pulumu tələb edirəm. İlkin ödəniş kimi 20 min manat vermişəm. Sonra kombi, mebel və digər əşyaların pulunu verdim. Ümumilikdə mənə 40 min manat ziyan dəyib".

Daha sonra bir neçə zərərçəkmiş şəxsin təqsirləndirilənə qarşı mülki iddiası müzakirə edilib.

Hakim bildirib ki, zərərçəkmişlər Ramal Quliyev 750 min 500, Kamal Quliyev 1 milyon 500 min 100, Vüsal Quliyev 945 min 474 manat mülki iddia veriblər.

Mülki iddiaçı Vüsal Quliyev hər iki təqsirləndirilən şəxsdən, digər iki zərərçəkmiş isə Sirac Səmədovadan pulu tələb ediblər.

Məhkəmə mülki iddiaları icraata qəbul edib.

Növbəti proses dekabrın 9-da davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş şəxslərdən üçü qohumdur. Kamal Quliyev və oğlanları - Vüsal və Ramal Quliyevlər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Sirac Azad oğlu Səmədov və Sahil Nizami oğlu Nəhmətov özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə nəfərin etibarından sui-istifadə edərək etibarnamə almağa nail olublar.

Çoxsaylı epizod üzrə təqsirləndirilən şəxslər vətəndaşların ümumilikdə 2 milyon manatdan çox pulu ələ keçiriblər.

Hər iki şəxsun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq külli miqdarda törədildikdə ) maddəsi ilə cinayət işi açılaraq, ittiham irəli sürülüb.

17:22 - 28 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin