İki gəncin ölümü ilə nəticələnən qəzanı törədən sürücü həbs edildikdən 3 gün sonra sərbəst buraxılıb

 İki gəncin ölümü ilə nəticələnən qəzanı törədən sürücü həbs edildikdən 3 gün sonra sərbəst buraxılıb

15 gün əvvəl Abşeronun Masazır qəsəbəsində iki gəncin ölümü ilə nəticələnən qəzanı törədən sürücü həbs edildikdən 3 gün sonra sərbəst  buraxılıb.

Bu barədə qəzada həyatını itirən şəxslərdən biri - Fərid Yusifzadənin qardaşı Naib Yusifzadə məlumat verib.

Hadisə oktyabrın 11-i gecə saatlarında Masazır qəsəbəsindəki Duz gölünün kənarında baş verib.

Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil qəfil qarşıdan gələn motosikletlə toqquşub. Möhkəm çırpılma nəticəsində motoda olan 21 yaşlı Allahverən Məlikov və arxa oturacaqda əyləşən 19 yaşlı Fərid Yusifzadə hadisə yerində ölüblər. İlkin araşdırma nəticəsində motosikleti idarə edən A.Məlikovun sürücülük hüququnun olmadığı məlum olub.

Hadisə ilə bağlı “Kia Rio”nun sürücüsü Araz Mürsəlli Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma-ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu qərardan verilən apellyasiya şikayətini isə Sumqayıt Apellyasiya Məhkəməsi təmin edib.

Hakim Elçin Məmmədov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs ilk günlərdə istintaqdan yayınmayıb, ortada ekspert rəyi yoxdur və hadisənin necə baş verdiyi hələ tam aydın deyil. Qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin həbsdə qalmasına əsas görülməyib. Yeni qərarla Araz Mürsəlli barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə evəz edilib, o, məhkəmə zalında həbsdən azad edilib.

Ağır yol qəzasında həyatını itirən gənclərin yaxınları isə sonuncu qərarla razılaşmırlar. Zərərçəkmiş şəxslərin hüquqi varisləri Arazdan şikayətçidir, heç bir barışıq olmadığı halda sərbəst buraxılmasından narazıdırlar.

Hazırda cinayət işi üzrə ibtidi istintaq davam edir. Təqsirləndirilən şəxsə verilmiş ittiham gələcəkdə təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs gözləyir.

Ev dustaqlığına gəlincə bu qətimkan tədbiri həbsə birbaşa alternativ hesab edilir, şəxsin müəyyən şərtlər altında azadlıqda qalmasını təmin edir.

17:42 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin