Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtold Azərbaycan Dillər Universitetində qonaq olub.
Asayis.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri, xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Avstriya arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Kamal Abdulla universitetin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu cür görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, elmi və mədəni əlaqələrin genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Həmçinin ADU-da tədris olunan xarici dillərin əhəmiyyətindən, tələbələrin dil biliklərinin inkişafı üçün yaradılan imkanlardan və Avstriya dili və mədəniyyətinin öyrənilməsinin perspektivlərindən bəhs olunub.
Qeyd olunub ki, bu il ilk dəfə olaraq universitetdə suaxili dilinin tədrisinə başlanılıb. Bu dilin tədrisini həyata keçirmək üçün Keniyadan universitetə müəllim dəvət olunub. Bu təşəbbüsün universitetdə xarici dillərin tədrisi imkanlarının genişləndirilməsi və müxtəlif mədəniyyətlərin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Rektor, akademik Kamal Abdulla çıxışında ADU-nun beynəlxalq əlaqələrindən bəhs edərək, universitetin Rumıniya, Çin, Pakistan, Macarıstan, Serbiya, Belarus, Rusiya və Özbəkistanda fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. O, bu mərkəzlərin Azərbaycan dilinin, mədəniyyətinin və milli dəyərlərinin xaricdə təbliğində, eləcə də xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
ADU-nun həyata keçirdiyi layihələrdən də bəhs edən rektor, akademik Kamal Abdulla səfiri universitetdə ənənəvi olaraq təşkil olunan “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. O, layihənin tələbələrin müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə birbaşa ünsiyyət qurması, həmin ölkələrin tarixi, mədəniyyəti və xarici siyasəti haqqında məlumat əldə etməsi baxımından əhəmiyyətini vurğulayıb.
Səfir Ettienn Berxtold səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Dillər Universiteti ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə universitetlərarası əlaqələrin inkişafı, tələbə və müəllim mübadiləsi imkanları, eləcə də iki ölkə arasında elmi və mədəni əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Avstriya kitabxanasında və Avstriya Mübadilə Mərkəzində olublar.
