Toy karvanlarında və ya yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin bəzədilməsi geniş yayılıb. Lakin son günlər sosial şəbəkələrdə bu cür bəzəklərə görə sürücülərin cərimələnməsi ilə bağlı paylaşımlar yayılıb.
Bəs qanunvericilik nə deyir?
Məsələyə “Bakupost”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli aydınlıq gətirib.
O bildirib ki, mövcud qanunvericiliyə əsasən, avtomobilin dövlət qeydiyyat nişanının görünməsini çətinləşdirən örtüklərdən istifadə qayda pozuntusudur.
T.Nəsirlinin sözlərinə görə, belə hal aşkarlandıqda sürücü İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən 500 manatdan 800 manatadək cərimələnə bilər.
"Sürücülər diqqətli olmalı və belə hallara yol verməməlidirlər. Əks təqdirdə barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək", - deyə DYP rəsmisi bildirib.
