Vahid məktəbli forması yeni tarixi mərhələnin tələbidir.
Asayis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.
Onun sözlərinə görə, vahid məktəbli forması ilə bağlı qəbul edilən qərar təsadüfi deyil:
“Tarixi keçmişimizi, bu günümüzün və gələcəyimizin əsas xüsusiyyətlərini təhlil edərək, araşdıraraq, proqnozlaşdıraraq belə bir qərar qəbul olunub. Müasir azərbaycanlı üçün vahid məktəbli forması formal xarakter daşımır. Bu həm də vətənpərvər gənclərin yetişməsi üçün təhsil sahəsində həyata keçirilən mühüm yenilikdir. Vahid məktəbli forması heç kimin heç bir hüququnu tapdalamır. Əksinə, yeni mərhələyə qədəm qoymuş Azərbaycanda xüsusilə gənclərin həm hüquqlarının qorunması, həm də Vətənə bağlı kontekstdə tərbiyə olunması üçün mühüm bir addımdır. Ona görə də vahid məktəbli forması bu tarixi mərhələnin tələbidir. Bununla gənclərimiz həm bir-biri ilə ünsiyyətdə, münasibətlərdə, həm də ortaq fikirlərin formalaşmasında geniş imkanlar qazanırlar. Burada hər hansı bir ayrı-seçkiliyə yol verilmir”.
Füzuli Qurbanov bildirib ki, bütün şagirdlər eyni hüquqa malikdir, birinin digərindən fərqi yoxdur:
“Məktəbli forması müasir dəbə uyğun, həm də milli xüsusiyyətlər nəzərə alınaraq təklif olunub. Bunu dəstəkləmək lazımdır. Hər bir valideyn, hər bir Azərbaycan vətəndaşı nəzərə almalıdır ki, o müstəqil Azərbaycanın vətəndaşıdır. Onun vətəndaşlıq hüquqi ilə yanaşı məsuliyyəti də var. Bunu qəbul etməliyik. Ümumiyyətlə, müstəqil Azərbaycanda heç vaxt hicaba qadağa qoyulmayıb. İnsan 18 yaşına çatandan sonra özü öz yolunu seçə bilər. Digər tərəfdən, insan lap kiçik yaşlardan başlayaq mənəviyyatının formalaşmasında hansı mənəvi dəyərin hansı yeri tutmasını özü müəyyən etməlidir. Təhsilimizdə aparılan yeni islahatlar kontekstində müasir dövrün tələblərini nəzərə alaraq vahid məktəbli formasının olması zəruridir və bunun cəmiyyətə müsbət təsiri olacağına inanırıq”.
