TAU rektoru ODTÜ-də görüşlər keçirdi

 TAU rektoru ODTÜ-də görüşlər keçirdi

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Orta Doğu Texniki Universitetini (ODTÜ) ziyarət edib.

Asayis.az xəbər verir ki, səfər çərçivəsində Nəcibə Nəsibova ODTÜ-nün rektorunun vəzifəsini müvəqqəti icra edən prorektor Tülin Gençöz, rektorun müşaviri Ömər Dəlialıoğlu, Mühəndislik fakültəsinin dekanı Görkəm Külah, Kompüter mühəndisliyi kafedrasının müdiri Pınar Karagöz və professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə ODTÜ-nün tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Kompüter mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin ODTÜ-nün akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Bu çərçivədə TAU-ya yeni qəbul olunmuş tələbələrin ODTÜ-nün kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, təcrübə imkanlarının genişləndirilməsi və tələbələrin digər akademik resurslardan daha geniş faydalanması istiqamətində fikir mübadiləsi aparılıb.

21:42 - 8 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin