Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 2-də Mingəçevirdə vətəndaşları qəbul edib.
Asayis.az xəbər verir ki, tədbirə Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda mütəmadi olaraq vətəndaşlarla görüşlər təşkil olunur. Görülən işlər abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.
