Bu xəstəxananın mətbəxi yanıb külə döndü - Foto

 Bu xəstəxananın mətbəxi yanıb külə döndü - Foto

Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib.

Asayis.az Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 22-də saat 02:15-də Qazax şəhəri Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən, 98 nəfər xəstənin müalicə aldığı ikimərtəbəli xəstəxananın mətbəxində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Müalicə alan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın nəticəsində xəstəxanaya bitişik, ümumi sahəsi 180,82 kvadratmetr olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları, həmçinin qab yuyulan, işçilər üçün nəzərdə tutulan, yemək bişirilən və xəstələrin yemək yediyi otaqlar, ərzaq anbarı yanaraq yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində xəsarət alan olmayıb.

Xəstəxanada müalicə alan xəstələrin qidalanmasının təmin edilməsi məqsədilə 5 günlük ərzaq ehtiyatı yaradılıb. Mətbəx təmir edilənədək xəstəxananın həyətində 50 nəfərlik çadır qurulub, yemək hazırlanması üçün müvəqqəti mətbəx yaradılıb.

Yanğının başvermə səbəbləri və digər hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

15:00 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin