Bu avtobuslar artıq "Şamaxı yolu"nda dayanmayacaq

 Bu avtobuslar artıq

Bakıda bəzi marşrutlar "Şamaxı yolu" dayanacaq məntəqəsindən çıxarılır.

Bu barədə Asayis.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Moskva prospekti, "Şamaxı yolu" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır.

Bu marşrutların sərnişinləri "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

"Şamaxı yolu" adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.

Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.

Həmin ərazidə artan sərnişin tələbatının qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil olmaqla kompleks tədbirlər davam etdirilir.

11:04 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin