Yol polisi sürücülərə çağırış etdi

 Yol polisi sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq, hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

BDYPİ-dən Asayis.az-a verilən məlumata görə, sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunub.

Qeyd olunub ki, güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar.

"İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda bildirilib.

11:48 - 6 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin