Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
DİM-dən Asayis.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahanda 388 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.
