“Zəhərli zob” xəstəliyi əksər hallarda diffuz toksik zob (Qreyvs xəstəliyi) və onun yaratdığı hipertireozdur. Bu xəstəliyin müalicəsində “qurbağa terapiyası”nın effektivliyini təsdiqləyən heç bir elmi sübut yoxdur.
Bu sözləri Asayis.az-a açıqlamasında terapevt Turanə Kərimova zəhərli zobun müalicəsində “qurbağa terapiyası”nın elmi əsası barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu üsul beynəlxalq klinik tövsiyələrdə yer almır və müasir tibdə müalicə metodu kimi qəbul edilmir:
“Diffuz toksik zobun (Qreyvs xəstəliyinin) müalicəsi xəstənin vəziyyətindən asılı olaraq antitiroid dərmanlar, radioaktiv yod terapiyası və ya cərrahi üsulla aparılır. Elmi əsası olmayan üsullara etibar etmək düzgün diaqnozun və vaxtında müalicənin gecikməsinə, nəticədə isə ciddi fəsadların yaranmasına səbəb ola bilər”.
Qeyd edək ki, “qurbağa terapiyası” ilə müalicə sosial şəbəkələrdə reklam edilir.
