İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

 İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üzrə Tədbirlər Planı bütövlükdə məşğulluq sahəsində yeni yanaşmaların tətbiq olunmasını və iş yerlərinin sayının artırılmasını özündə ehtiva edir. Bu zaman təbii ki, vacib məqamlardan biri də beynəlxalq praktikada istifadə olunan metodların məhz Azərbaycanın məşğulluq bazarında tətbiqidir. Bu metodlardan biri də çevik iş rejiminin yaradılmasıdır.

Bu sözləri Asayis.az-a açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dünya praktikasında çevik iş rejimi modellərindən geniş istifadə olunur və bu modellərin özəlliyi ondan ibarətdir ki, burada fərqli iş formaları tətbiq edilir:

“Ən çox tətbiq olunan modellərdən biri hibrid iş rejimidir. Bu zaman işçilər həftənin müəyyən günləri ofisdə, digər günləri isə ofisdən kənarda, yəni məsafədən çalışırlar. Məsələn, həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri ofisdə, qalan iki gün isə məsafədən işləyə bilərlər.

Dünya praktikasında tətbiq edilən və hazırda bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunan metodlardan biri də sıxılmış saatlar modelidir. Bunun özəlliyi ondan ibarətdir ki, işçi ilə işəgötürən arasında razılaşma əsasında əmək fəaliyyəti həftənin dörd günü həyata keçirilir. Məsələn, işçi həftənin dörd günü və hər gün 10 saat çalışır və bunun müqabilində üç gün istirahət edir”.

Vüqar Bayramov hesab edir ki, vacib məqamlardan biri çevik iş vaxtının tətbiqidir:

“Bu modeldə işçinin işə başlama və işdən çıxma saatları müəyyən sərhədlər daxilində dəyişə bilir. Məsələn, işçi saat 10:00-da işə başlayıb 16:00-da və ya razılaşdırılmış digər vaxtda işini başa vura bilər.

Başqa bir tətbiq edilən metod işin bölüşdürülməsidir. Bu halda bir iş və ya tapşırıq iki yarımştat işçi arasında bölüşdürülür. Onlar öz aralarında vəzifələri paylaşaraq həmin işi birlikdə yerinə yetirirlər və nəticədə hər iki əməkdaş eyni tapşırığın icrasına görə məsuliyyət daşıyır”.

Millət vəkili son dövrlərdə nəticə əsaslı iş modelinin də geniş tətbiq olunduğunu bildirib:

“Bu zaman iş prosesi işlənilən saatlarla deyil, işçinin əldə etdiyi nəticələrlə qiymətləndirilir. Əsas meyar verilən tapşırıqların keyfiyyətli və vaxtında yerinə yetirilməsidir. Bu modeldə işçi ilə bağlanan əmək münasibətlərində əsas diqqət onun əldə etdiyi nəticələrə yönəlir. Yəni qiymətləndirmə işlədiyi vaxta görə deyil, tapşırıqların icra səviyyəsinə və nəticələrinə əsasən aparılır.

Bu zaman işçi üçün konkret öhdəliklər müəyyənləşdirilir, həmin öhdəliklərin icra müddəti təyin olunur və işçi qarşıya qoyulmuş nəticələri keyfiyyətli və vaxtında təqdim etməyə məsul olur”.

11:42 - 21 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin