“Sea Breeze”də yay mövsümü ərzində demək olar ki, hər gün idman, musiqi və beynəlxalq səviyyəli digər tədbirlərin keçirilməsi üçün zəngin proqramın hazırlanması planlaşdırılır.
Asayis.az xəbər verir ki, bu sözləri “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Sea Breeze”in inkişaf konsepsiyası təkcə “Dream Fest”in keçirilməsini deyil, həm də yay ərzində müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.
“Ümumiyyətlə, ideya yayın hər günündə burada hər hansı bir tədbirin keçirilməsini təmin etməkdən ibarətdir. Həm də təkcə “Dream Fest” deyil: aparıcı sənətçilərin solo konsertləri... Planlarda yayın hər günündə bir tədbir keçirməkdir”, - deyə Emin Ağalarov bildirib.
O qeyd edib ki, idman komponenti bu konsepsiyanın əsas hissələrindən biri olacaq və kurort ərazisində padel, tennis, futbol, voleybol, həmçinin atçılıq idman növləri üzrə yarışların keçirilməsi planlaşdırılır: “Artıq bu payızda birbaşa çimərlikdə at polosu üzrə ilk beynəlxalq turnir keçiriləcək. Bundan əlavə, tennis üzrə Devis Kuboku oyunlarının keçirilməsi ilə bağlı danışıqlar aparılır. Bu məqsədlə, “Sea Breeze”də tribunalar, eləcə də beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyə imkan verəcək 5 min tamaşaçı tutumuna malik futbol stadionu tikilir”.
Padel tennisinin perspektivindən danışan E.Ağalarov qeyd edib ki, bu, dünyada ən sürətlə inkişaf edən idman növüdür: “Dörd il bundan əvvəl Azərbaycanda ilk padel-kort tikilib, bu gün isə ölkədə artıq 12-14 belə meydança var. Yaxın vaxtlarda səkkiz kort üçün örtülü Padel Mərkəzinin və daha bir açıq kompleksin tikintisi planlaşdırılır”.
O, həmçinin vurğulayıb ki, Azərbaycanda padelin populyarlığı artmaqda davam edir və bu idman növü həm gəncləri, həm də böyükləri cəlb edir:
“Çünki onu böyük tennisdən daha sürətli mənimsəmək mümkündür. Bu, çox dinamik, əyləncəli oyundur. Hətta heç vaxt tennis oynamamış bir insan iki-üç həftə ərzində müəyyən səviyyədə oynamağı öyrənə bilər”.
Emin Ağalarovun sözlərinə görə, idman infrastrukturunun inkişafı və beynəlxalq yarışların keçirilməsi “Sea Breeze” konsepsiyasının ayrılmaz hissəsi olaraq qalacaq.
“Mənimlə və ya mənsiz, idman həmişə “Sea Breeze”in ayrılmaz parçası olacaq”, - deyə kurort şəhərinin qurucusu vurğulayıb.
