Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi

 Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi

Son 2 ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib.

Asayis.az xəbər verir ki, Prezidentin bölgədəki xüsusi nümayəndəsi Elçin Yusubov bu gün Xankəndi şəhərində keçirilmiş Milli Biznesin İnkişafı Forumunda bildirib.

Forumda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı, investisiya mühiti, vergi və təşviq mexanizmləri, həmçinin biznes fəaliyyətinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.

E.Yusubov qeyd edib ki, bölgədə həyata keçirilən layihələrin əsas məqsədi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda dayanıqlı iqtisadi inkişafın təmin olunması, yeni iş yerlərinin yaradılması və özəl investisiyaların təşviqidir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına dövlət dəstəyi bu prosesin əsas istiqamətlərindən biridir:

"Bu dövrdə investorlar bölgəyə 100 milyon manatdan çox pul qoyub. Fəaliyyətə başlamış obyektlər üzrə təxminən 4 000-ə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər istifadəyə verildikdən sonra iş yerlərinin sayının 6 000-ə çatdırılması gözlənilir. Hazırda bölgədə 34 minə yaxın şəxs məskunlaşıb. Onların bir hissəsi özəl sektorda məşğulluqla təmin edilib".

13:56 - 13 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin