FHN ATU-da maarifləndirmə tədbiri keçirdi

 FHN ATU-da maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində maarifləndirmə tədbiri keçirilib.

Asayis.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

“Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda tədbirin keçirilməsində məqsəd Universitetin əməkdaşlarına və tələbələrinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, FHN-in əməkdaşları tərəfindən universitetin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Tədbirdə çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev səhiyyə müəssisələrində, xüsusilə xəstə və uşaqların yerləşdirildiyi otaqlarda yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışıb. O, səhiyyə müəssisələrinin rəhbərləri tərəfindən profilaktik tədbirlərin gücləndirilməsinin əhəmiyyətindən danışıb, yanğın təhlükəsizliyinə dair normalardan bəhs edib.

Tədbirdə tibb işçilərinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, səhiyyə müəssisələrində fəaliyyət göstərən elektrik cihaz və qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinin və avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, müalicə və uşaq müəssisələrinin, əczaxanaların zirzəmilərindən emalatxana, eləcə də tezalışan və yanar maye saxlamaq üçün anbar kimi istifadə edilməməsi, tezalışan və yanar mayelərin yalnız təhlükəsiz şəraitdə və müəyyən olunmuş miqdarda saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

14:40 - 4 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin