Məşhur ticarət mərkəzi bağlanır? - Video

 Məşhur ticarət mərkəzi bağlanır? - Video

Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.

Asayis.az Azad Azərbaycan TV-yə istinadən xəbər verir ki, mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarının artırılması iddia olunur.

Vəziyyətdən şikayətlənən sahibkarlardan biri durğunluğu belə izah edib: "Alver çox zəifdir. Əvvəl alver olurdu, icarə pulu çıxırdı. "Temu", "Trendyol" var deyə artıq alver ölüb".

Digər bir sahibkar isə gəlirlərinin kəskin azaldığını vurğulayıb: "Dəhşət dərəcədə zəifdir. Gün ərzində cəmi 30-50 manatlıq alver edirik. Yerpulunu qətiyyən çıxara bilmirik. Ödəniş artmayıb, sadəcə işləyə bilmirik".

Məsələ ilə bağlı "Lotos" ticarət mərkəzinin əməkdaşı İlkin Abbasov bildirib ki, dünən mağazasını açmayan bir neçə sahibkarla artıq danışıqlar aparılıb:

"Lotos" ticarət mərkəzi üzrə altı il ərzində heç bir qiymət artımı olmayıb. Məlumat daxil olan kimi sahibkarları qəbul edib, onlarla fikir mübadiləsi aparmışıq. "Lotos" ticarət mərkəzi olaraq çalışacağıq ki, gələcəkdə də əlimizdən gələn köməyi sahibkarlara göstərək".

İlkin Abbasov, həmçinin bildirib ki, hazırda bütün mağazalar öz fəaliyyətlərini davam etdirirlər.

09:08 - 29 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin