Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş olub.
Asayis.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. O, əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal həllərin tətbiqi, şəffaflıq və əlçatanlığın artırılması istiqamətlərində əldə olunan nailiyyətlər, DOST modelinin üstünlükləri barədə məlumat verib.
İcra olunan aktiv məşğulluq proqramları, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Gender bərabərliyinin daha dolğun təminatı məqsədilə əmək qanunvericiliyində edilən son dəyişikliklər, ölkəmizin Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyasına üzv qəbul edildiyi qeyd olunub.
Ötən dövrdə sosial müdafiə, tibbi-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində AB ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub. Nazirliyin Avropa Təlim Fondu ilə fəal əməkdaşlıq təcrübəsi diqqətə çatdırılıb.
Mariyana Kuyundziç ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət rəyini ifadə edib. Bu görüşün əməkdaşlığın davam etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi baxımından önəmini qeyd edib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
