Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Asayis.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar verilib.
Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
