Kart ödənişlərində komissiyalara limit qoyuldu

 Kart ödənişlərində komissiyalara limit qoyuldu

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiqlənib.

Asayis.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd olunub ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;

"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;

"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

12:24 - 13 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin