Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır - Nə baş verir?

 Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır - Nə baş verir?

Martın 26-28-də və aprelin 4-6-da Bakıya yağan leysanların ardınca dünəndən daha bir aramsız yağış başlayıb. Baharın gəlişindən bəri az qala bir həftəlik tsikllə təkrarlanan yağıntıların səbəbi nədir? Bu, regionda baş verən hərbi fəaliyyətlərlə bağlı ola bilərmi?

Mövzu ilə bağlı Asayis.az-a açıqlamasında ekoloq Rövşən Abbasov geosiyasi hadisələrin yağıntılara heç bir təsiri olmadığını bildirib.

“Hazırda sinoptik şəraitə təsir edəcək qədər irimiqyaslı müharibə yoxdur. Bu iddia ilə yalnız kütləvi qırğın silahlarının istifadəsi halında razılaşmaq olardı”, - o bildirib.

Ekoloqun sözlərinə görə, belə ekstremal yağıntılar 50-60 il fasiləylə təkrarlana bilir:

“İqlim – bir ərazi üçün mövcud olan 30 illik temperatur və yağıntı rejimidir. 30 il ərzində çox şey dəyişir. Bir il çox yağıntı olur, o biri il quraqlıq olur. 2-3 il bundan əvvəl heç yağıntı yox idi, quraqlıq idi.

Bu, əlbəttə ki, iqlimin çoxillik gedişində dəyişmələrin olmasının təzahürüdür. Yağıntıların paylanmasında ekstremallıq artıb. Uzun müddət ərzində düşməli olan yağıntı 1-2 günün içində düşür və təəssüf ki, fəsadsız ötüşmür”.

13:46 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin