Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto

 Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Müzəffərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.

Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qaynanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanası-nın təcili yardım şöbəsinə çatdırılıblar. Onlara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Məlumata görə, qəzada xəsarət alan T.Babayeva həmin gün xəstəxanada həkim qəbuluna yazılmış olub. Onlar qəbul üçün yola düşərkən hadisə baş verib. Hadisə nəticəsində aşan ağac bir müddət digər nəqliyyat vasitələrinin hərəkətinə də mane olub. Kənd sakinlərinin köməyi ilə ağac yoldan kənarlaşdırılıb və hərəkət tam bərpa olunub.

Kənd sakinləri bildiriblər ki, sözügedən ərazidə bu cür çürümüş ağaclar kifayət qədərdir və onların aşma təhlükəsi qalmaqdadır. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.

11:20 - 9 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin