Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.
Asayis.az Baku TV-yə istinadla xəbər verir ki, Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda aparılan təhlillərin şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərdiyi deyilib.
Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib.
Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi:
"Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər".
