Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Asayis.az-a verilən məlumata görə, qurumun sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub.
ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Qeyd edilib ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.
