Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin sərbəst ifadəsi dinlənilib.
O, şikayətçi P.Səlimovla dost olduğunu deyib:
"Əvvəllər Sumqayıtda yaşayırdı. Bakıya gəlmək istəyirdi. Mənim beton işləri görən şirkətim var, işlərin müqabilində pul əvəzi kimi tikinti şirkətləri paytaxtın müxtəlif yerlərindən mənzillər verirdilər. Səlimovun mənə satdığı tikinti materiallarının əvəzində ona Bakıda bir neçə dəfə ev vermişəm, ödənişlərimi etmişəm. Ona heç bir borcum yoxdur. Yaxın münasibətimiz olduğundan aramızda rəsmi sənədləşmə olmayıb".
Zərərçəkən isə təqsirləndirilənin dediklərini yalan və söz yığını kimi qiymətləndirib:
"Zamiq Xankişiyevin dedikləri uydurmadır. Onun əlində alış-verişlərimizlə bağlı hər hansı bir qəbz olmasa da, məndə bütün qəbzlər mövcuddur və məhkəməyə təqdim edə bilərəm".
Növbəti iclas martın 6-na təyin edilib.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.
İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Araşdırmalarla məlum olub ki, Xankişiyevdən ən çox zərəri tanışı olan iş adamı P.Səlimov görüb.
O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.
Şəxs digər vətəndaşa isə 180 min manat ziyan vurmaqda təqsirləndirilir.
Başqa vətəndaşa isə “Kia” markalı avtomobil satmaq adı ilə onun 6 min manata yaxın pulunu ələ keçirib.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Amma o, özünü günahkar bilmir.
Onu da qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.
Təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.
Müttəhim bahalı avtomobil kolleksiyası olan şəxs kimi də tanınıb.
