Son dövrlərdə apteklərdə satılan bəzi dərmanların əvvəlki illərlə müqayisədə eyni effekti vermədiyi ilə bağlı şikayətlər artıb. Xəstələr bildirirlər ki, bir vaxtlar qısa müddətdə təsir göstərən, müalicə prosesində müsbət nəticə verən eyni dərmanlar indi əvvəlki qədər effektli olmur. Onların sözlərinə görə, əvvəl eyni preparatdan istifadə etdikdə sağlamlıq vəziyyətində daha tez yaxşılaşma müşahidə edilirdisə, hazırda müalicə müddəti uzanır, bəzən isə gözlənilən nəticə ümumiyyətlə əldə edilmir. Bu vəziyyət xüsusilə uzunmüddətli müalicə alan xəstələr arasında narahatlıq doğurur və dərmanların keyfiyyəti ilə bağlı sualları gündəmə gətirir.
Bəs apteklərdə eyni dərmanların əvvəlki illərlə müqayisədə daha zəif təsir göstərməsinin əsas səbəbi nədir?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə açıqlamasında bildirib ki, dərmanların təsiri düzgün diaqnoz, keyfiyyətli qida-su və düzgün saxlanma ilə bağlıdır:
“Dərmanların keyfiyyəti ilə bağlı çox fikir bildirmək olar. İlk növbədə qeyd edilməlidir ki, dərmanlar düzgün diaqnoza uyğun təyin olunmalıdır. Digər tərəfdən insanların qəbul etdiyi qida və içməli suyun keyfiyyəti də mühüm rol oynayır. Bundan əlavə, dərmanların hansı dərmanlarla və hansı qidalarla birlikdə istifadə oluna biləcəyi, yaxud istifadə olunmamalı olduğu xəstələrə açıq şəkildə izah edilməlidir və həkimlər tərəfindən bu məlumatlar verilməlidir. Yəni, dərmanlar keyfiyyətli olsa belə, əgər qəbul edilən qida və su keyfiyyətsizdirsə, dərmanın təsiri zəifləyə və gözlənilən nəticə əldə olunmaya bilər. Bu, dərmanların yüz faiz keyfiyyətli olduğunu demək deyil. Digər tərəfdən, dərmanların böyük əksəriyyəti xaricdən idxal olunur və onlar mütləq tibbi ekspertizadan keçməli, keyfiyyəti, istehsalçı firma və digər göstəricilər təsdiqlənməlidir. Apteklərdən reseptlə dərman alan vətəndaşların hüququ var ki, dərmanın hansı firmaya məxsus olduğunu, aptekə nə vaxt gətirildiyini, istifadə müddətini və saxlanma şəraitini öyrənsinlər. Qanunvericiliyə əsasən, vətəndaşlar bu məlumatları tələb edə bilərlər. Dərmanların saxlanma şəraitində problemlər olduqda isə keyfiyyətlə bağlı narahatlıqlar ortaya çıxır”.
Həkimin sözlərinə görə, vətəndaşlar keyfiyyətsiz dərmanlarla bağlı müvafiq qurumlara müraciət edə bilər:
“Beləliklə, dərmanların keyfiyyəti çoxsaylı amillərdən asılıdır. Dərmanların əksəriyyətinin xaricdən gətirilməsi səbəbindən bəzən bu cür hallarla rastlaşılır. Lakin dərmanların keyfiyyətsiz olduğunu iddia edən vətəndaşlara izah edilməlidir ki, qəbul edilən qida, su və ümumi psixoloji vəziyyət – əsəbilik və gərginlik də dərmanların təsirinə birbaşa təsir göstərir. Eyni zamanda, həqiqətən keyfiyyətsiz olduğu düşünülən dərmanlarla bağlı vətəndaşların müvafiq qurumlara – səhiyyə orqanlarına və ya nəzarətçi müəssisələrə müraciət etmək hüququ var. Həmin dərmanları ölkəyə gətirən şirkətlərin fəaliyyəti araşdırılmalı, dərmanların apteklərdə satışı və saxlanma şəraiti yoxlanılmalıdır. Bütün bu məsələlər dərman keyfiyyətinin təmin olunmasında əsas amillər hesab olunur”.
